Zərifə Qasım qızı Cəbrayılova 1961-ci ildə anadan olmuşdur. 

1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 

1984-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur.

1988-ci ildə Kibernetika İnstitutunda aspiranturaya daxil olmuş, 1996-cı ildə “Təşkilat idarəetmə sistemlərində qərarların qəbul olunması metodları” mövzusunda 05.13.14 – “İnformasiyanın emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

2004-cü ildə 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosent elmi adını almışdır.

2021-ci ildə “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq dissertasiya işini müdafiə etmişdir, texnika elmləri doktorudur.

Tədqiqat maraqları:

İnsan resurslarının idarə olunması, qərarların qəbulunun intellektual dəstəklənməsi, intellektual sistemlər, süni intellekt, qeyri-səlis məntiq, çoxkriteriyalı qiymətləndirmə və seçmə, obrazların tanınması, rəqəmsal tibb.

 Əsas elmi nəticələri:

  • İnformasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunmasında (İRİO) intellektual dəstək tələb edən məsələlər identifikasiya olunmuş və onların modelləşdirilməsi üçün qeyri-səlis riyazi aparatın istifadəsinin zəruriliyi əsaslandırılmışdır.
  • Dövlətin insan resursları və sosial-iqtisadi siyasətini formalaşdıran qərarların qəbulunun dəstəklənməsi üçün qeyri-səlis zaman sırası modelinə əsasən demoqrafik göstəricilərin proqnozlaşdırılması metodu təklif olunmuş, intellektual demoqrafik proqnoz sistemi işlənilmişdir.
  • Ölkədə perspektiv məşğulluq siyasətini formalaşdıran qərarların dəstəklənməsi üçün iyerarxik analiz metodu (İAM) əsasında əmək bazarının çoxssenarili proqnozlaşdırılması və planlaşdırılması metodikası işlənilmişdir.
  • Əmək bazarının və onun altsistemlərinin effektivliyinin qiymətləndirilməsi üçün qeyri-səlis relyasiya modeli əsasında metod işlənilmişdir.
  • Yoxsulluğun azaldılması sistemində aztəminatlı ailələrin, sosial cəhətdən həssas təbəqənin müəyyənləşdirilməsi üçün ailə gəlirlərinin qiymətləndirilməsi metodu işlənilmişdir.
  • Təşkilatda İRİO məsələləri zəif strukturlu, çoxkriteriyalı qərar qəbulu məsələsinə gətirilərək konseptual və ümumiləşdirilmiş qiymətləndirmə modeli təklif olunmuşdur.
  • Təşkilatda İRİO məsələlərinin həlli üçün additiv və multiplikativ aqreqatlaşdırmaya əsaslanan qərar qəbuletmə metodları təklif olunmuşdur
  • Elmi kadrların idarə olunması  qərarlarının qəbulunun dəstəklənməsi üçün müvafiq həll alqoritmi və instrumental vasitələr işlənilmişdir.
  • Təşkilatda İRİO məsələlərinin həllində kollektiv qərar qəbulu üçün TOPSIS-in (Technigue for Order Preference by Similarity to Ideal Solition (ideal həllə yaxınlığa görə ən yaxşı həllin tapılması metodikası)) modifikasiyası və İAM əsasında çoxkriteriyalı optimallaşdırma metodu təklif olunmuş, işə qəbul məsələsinin həllində qərarların qəbulunun dəstəklənməsi üçün müvafiq həll alqoritmi işlənilmiş və mərhələlər üzrə reallaşdırılmışdır.
  • İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi üçün ilkin informasiyanın emalı üsulları, o cümlədən kriteriyaların riyazi təsviri, nisbi vaciblik əmsallarının təyini, ekspert qiymətlərində ziddiyyətin aşkarlanması metodları təklif olunmuşdur.
  • İT-mütəxəssislərin işə qəbulu zamanı “vakansiya portretinə” işəgötürənin irəli sürdüyü tələblərə uyğun olaraq çoxssenarili qərar qəbul etmə metodları təklif olunmuş və həll alqoritmi işlənilmişdir.
  • Virtual təşkilatda personalın seçilməsi üçün İAM və multiplikativ aqreqatlaşdırma əsasında metodika təklif olunmuş, müvafiq həll alqoritmi işlənilmiş və onun reallaşması yerinə yetirilmişdir.
  • Virtual təşkilatda personalın fəaliyyətinin qiymətləndirilməsi üçün paylanmış mühitdə qərar qəbulu metodları təklif edilmişdir.
  • Tibbi kadrların idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsi tibb mütəxəssislərinə olan tələb və təklifin uyğunluğu məsələsinə gətirilmiş, onun həlli üçün çoxssenarili yanaşma işlənilmiş, ssenarilər üzrə tələb və təklifin situasiya modellərinin qeyri-səlis oxşarlığı əsasında onların uyğunluğunun təyini metodları və alqoritmləri işlənilmişdir.
  • Konkret vakansiyaya iddialı olan tibb mütəxəssislərinin işə götürülməsi nümunəsində tələb və təklifin idarə olunmasının çoxssenarili metodikası işlənilmiş və mərhələlər üzrə reallaşdırılmışdır.
  • Tibbi sosial media resurslarında toplanan informasiyanın seqmentləşdirilməsi və kontent analizi əsasında tibbi qərarların qəbulunun dəstəklənməsi  üçün  yeni informativ parametrlər təklif edilmişdir.
  • Hepatosellular karsinomanın mərhələlərinin təyini üçün qərarların qəbulunu dəstəkləyən intellektual sistemin konseptual və funksional modeli təklif olunmuş, qeyri-səlis qaydalara əsaslanan bilik bazasının formalaşması mərhələləri, qərarların emalı  alqoritm işlənilmişdir.
  • Yüksək riskli obyektlərdə “insan faktoru” səbəbindən səhv qərarlar qəbul olunmasının qarşısını almaq üçün qeyri-səlis obrazların oxşarlığı əsasında personalın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi metodları işlənilmişdir.
  • Dəniz-neft platformasında personalın sağlamlığının idarə olunması üçün əşyaların interneti əsasında coğrafi paylanmış intellektual sistemdə qərarların sintezi metodu işlənilmişdir.

 Z.Cəbrayılova 190-dan çox elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir. Elmi nəşrlərdən 100-ü xarici elmi mətbuatda dərc edilmişdir.

30 əsəri Web of Science (Clarivate Analytics) və 13 əsəri isə Scopus (Elsevier) bazasında indeksləşən jurnallarda və konfrans materiallarında çap edilmişdir.

Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Rəhbərliyi altında 1 fəlsəfə doktoru hazırlanmışdır.

2018-ci ildə institutun Qadınlar Şurasının sədri vəzifəsinə seçilmişdir.

2021-ci ildən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fizika-riyaziyyat və texnika elmləri üzrə Problem Şurasının elmi katibidir.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 

2021-ci ildə 60 illiyi münasibətilə informasiya texnologiyaları sahəsində səmərəli elmi-praktiki fəaliyyətinə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Fəxri Fərmanı ilə təltif olunmuşdur.

İnstitutda təsis olunan “İnformasiya cəmiyyəti problemləri” jurnalının redaksiya heyətinin üzvüdür.

İnstitutda baş elmi işçi vəzifəsində işləyir.

   

Elmi əsərləri haqqında məlumat

 

Xidməti tel.: (+994 12) 537 22 97

Elektron poçt: djabrailova_z@mail.ru