İnformasiya Texnologiyaları İnstitutu ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

07 Oktyabr 2016 - 09:20 | Görüşlər
İnformasiya Texnologiyaları İnstitutu ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olundu, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok, Vayzmen İnstitutunun İmmunologiya fakültəsinin professoru Rut Arnon və bir qrup rəsmisi ilə görüş keçirildi. Məqsəd institutun fəaliyyəti ilə tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olmuşdur.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemləri üzrə aparılan elmi-tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söz açdı.

Akademik qonaqlara institutun AzScienceNet elm kompüter şəbəkəsi barədə məlumat verdi. Alim AzScienceNet-in akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını qeyd etdi. Həmçinin AzScienceNet-in Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyasının üzvü olduğunu nəzərə çatdırdı. Bildirdi ki, Azərbaycan 2016-cı ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi üzərindən Pan-Avropa elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə edib.

R.Əliquliyev AzScienceNet-in GEANT assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində Azərbaycanı təmsil etdiyini bildirdi. Qeyd etdi ki, layihə Avropa ilə Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədi daşıyır.

İnstitut direktoru bildirdi ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasında ilk dəfə olaraq elm və təhsilin inteqrasiyasını təmin etmək üçün magistratura təhsil pilləsinə qəbul elan edilmiş, ötən il ümumilikdə 19 nəfər, bu il isə 56 nəfər magistraturaya daxil olmuşdur. Magistratura təhsilinin yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacağını qeyd edən alim bildirdi ki, bu təhsilin yüksək səviyyədə təşkili və magistrantların prioritet elmi istiqamətlərdə araşdırmalar aparmaları üçün AMEA rəhbərliyi tərəfindən bütün zəruri addımlar atılmışdır.

Sonra qonaqlar institutun maddi-texniki bazası və burada yaradılmış innovativ şərait, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldular. Onlara institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, 2003-cü ildən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesi bu mərkəzdə həyata keçirilir, dərslər institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən aparılır. TİM-də 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyi, Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların İnformatika fənni üzrə təşkil edilmiş kursları videokonfrans sistemi vasitəsilə dinlədikləri qeyd olundu. Həmçinin mərkəzdə elmi müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı görülən işlər diqqətə çatdırıldı.

Elektron elmin texnoloji platforması AzScienceNet-in Data Mərkəzində olan qonaqlara şəbəkənin imkanları barədə məlumat verildi. Qeyd olundu ki, 2016-cı ildə şəbəkənin hesablama gücü 15 TFlops, xarici yaddaşın həcmi 400 Tbayt, internetə qoşulma sürəti isə 1,41 Gbit/s-ə çatdırılmış və 5000 kompüter şəbəkəyə qoşulmuşdur. Mərkəzdə AMEA-nın institut və təşkilatlarına Cloud Computing, Hostinq, Eduroam kimi bir sıra xidmətlər göstərilir.

Qonaqlar beynəlxalq standartlara cavab verən, müasir texniki avadanlıqlarla təchiz olunmuş Elektron Kitabxana Mərkəzi və burada oxucular üçün yaradılmış şəraitlə də tanış oldular. Onlara “İnformasiya texnologiyaları” nəşriyyatı, burada Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər, eləcə də İnternet-kafenin fəaliyyəti barədə məlumat verildi.

Sonda İnformasiya Texnologiyaları İnstitutu və İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi, Azərbaycanda İsrailin elm sahəsindəki təcrübəsinin öyrənilməsi, birgə layihə və tədqiqatların həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin zəruriliyi vurğulandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.