Əşyaların interneti üçün intellektual sistemlərin perspektivləri və problemləri tədqiq olunub

17 Dekabr 2021 - 13:13 | Konfranslar, İclaslar
Əşyaların interneti üçün intellektual sistemlərin perspektivləri və problemləri tədqiq olunub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun baş elmi işçisi vəzifəsini icra edən tex.f.d., dos. Şəfəqət Mahmudova məruzəni təqdim edərək Əşyaların internetinin bir çox “ağıllı” cihazları bir yerə toplamaq, təhlil etmək, işləmək və məlumatı bir-birlərinə ötürmək imkanı verən və şəbəkəyə bağlayan nisbətən yeni bir texnologiya olduğunu diqqətə çatdırdı. O, IoT platforması üçün ən geniş yayılmış proqram təminatlarını təhlil etdi, Əşyaların interneti üçün yüksək səviyyəli intellektual sistemlərdən bəhs etdi.

IoT termininin ilk dəfə 1999-cu ildə İngiltərəli mühəndis Kevin Ashton tərəfindən istifadə edildiyini vurğulayan Ş.Mahmudova bu texnologiyanın şirkətlərə prosesləri avtomatlaşdırmağa və əmək xərclərini azaltmağa imkan verdiyini bildirdi. Qeyd etdi ki, bu, məhsulun lazımsız tullantılarının həcmini, göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırır, istehsal və loqistik xərclərini azaldır.

Məruzəçi sensorlar, nəzarətedicilər və digər cihazları birləşdirmək və onlara uzaqdan daxil olmaq üçün hazırlanmış proqram olan IoT platforması üçün ən populyar proqram təminatları barədə danışdı. Həmçinin IoT üçün yüksək səviyyəli sistemlər olan bankomat sistemlərinin fiziki monitorinqi məqsədilə istifadə olunan unikal sistem, biznes üçün obyektləri izləməyə xidmət edən bulud sistemi haqqında məlumat verdi.

“Xarici təcrübədə həm dövlətin, həm də iş adamlarının təşəbbüsü ilə IoT tətbiqinin uğurlu nümunələri mövcuddur”, - deyə bildirən Ş.Mahmudova Avropa Birliyi, Cənubi Koreya, Çin və Hindistan kimi ölkələrdə dövlətin dəstəyi ilə enerji istehlakı və nəqliyyatın idarə edilməsinin səmərəliliyini artırmağa imkan verən ağıllı şəhər texnologiyalarının tətbiq olunduğunu söylədi. Məruzəçi İngiltərə və ABŞ-da ev təsərrüfatlarında enerji istehlakının uzaqdan izlənməsi üçün ağıllı sayğacların tətbiqi üçün geniş miqyaslı proqramların həyata keçirildiyini diqqətə çatdırdı.

O, Əşyaların internetinin tibb sahəsində də bir sıra imkanlara yol açdığını qeyd edərək adi tibbi cihazların şəbəkəyə qoşulduqda əlavə məlumatlar toplaya, simptomlar və tendensiyalar haqqında daha geniş anlayış təmin edə, uzaqdan müalicə edə və xəstələrin həyatlarına daha çox nəzarət edə biləcəklərini bildirdi.

Ş.Mahmudova aparat, şəbəkə və proqram təminatı kimi sahələrin qarşılıqlı əlaqəsini əhatə edən Əşyaların interneti konsepsiyasının mürəkkəbliyi nəticəsində həm texnoloji, həm də sosial-hüquqi baxımdan çoxlu sayda problem yarandığını dedi.

“IoT-un əsas vəzifələrindən biri düzgün sistem arxitekturasını seçmək və inkişaf etdirməkdir”, - deyə qeyd edən məruzəçi müasir dövrdə  IoT-un əsas problemlərindən birinin  kiber hücumlara qarşı həssaslığı ilə bağlı olduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, bir birinə bağlı “ağıllı” cihazların sayının artması ilə əlaqədar IoT sisteminə icazəsiz giriş riskləri də artır. Onun sözlərinə görə, hazırda bir çox İT şirkəti texnologiyanın tam tətbiq olunmasını sürətləndirən və təcavüzkarlara qarşı maksimum qorunmasını təmin edən həllər axtarışındadır.

Məruzəçi IoT ilə bağlı 6 əsas problemi sadalayaraq bunlara qapalı internet, bulud hücumları, süni intellektin yaratdığı təhlükə problemləri, botnet problemləri, etibarlılığın olmaması, IoT-un başa düşülməməsi  və s. aid edildiyini vurğuladı.

O, həmçinin IoT intellektual sistemlərdə göstərilən xidmətlərin siyahısını və 2021-ci il üçün IoT proqram təminatına aid ən yaxşı 10 nümunəni təqdim etdi.

Sonda məruzəçi bildirdi ki, IoT üçün yeni intellektual sistemlərin yaradılması, texnologiyaların inkişaf etdirilməsi iqtisadiyyatın inkişafına böyük kömək göstərəcək, ağıllı şəhər və kəndlərin sürətli inkişafına səbəb olacaq.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.